Atəşkəslə bağlı 22 may açıqlaması

Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəsi 128 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Bala Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Muncuqlu kəndi atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan da Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Həmçinin, Goranboy və Tərtər rayonları istiqamətində də Azərbaycan ordusunun mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Atəşkəs 23 ildir davam edir. Ancaq, demək olar, hər gün tərəflər bir-birlərini atəşkəs pozuntusunda ittiham edirlər.