Genosid törətdiyi bildirilən Sudan prezidenti Omar al-Bashir mayın 20-də Səudiyyə Ərəbistanında sammitə qatılacaq. Həmin tədbirdə ABŞ prezidenti Donald Trump da iştirak edəcək.
Sudanın xarici işlər naziri Ibrahim Ghandour mayın 17-də Cenevrədə jurnalistlərə deyib ki, Omar al-Bashir mayın 19-da Səudiyyəyə gedəcək.
«ABŞ-la münasibətlərimizin normallaşmasını gözləyirik», – o, sözlərinə əlavə edib.
Amma Xartumdakı ABŞ səfirliyindən bildiriblər ki, Trump-la Bashir arasında görüş gözlənilmir, «Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin axtardığı şəxsə dəvət göndərilməsinə, onun səyahətinin dəstəklənməsinə qarşıdır».
2008-ci ildə Haaqa məhkəməsi onu genosid, hərbi cinayətlərdə ittiham edərək, barəsində axtarış elan edib, ancaq Omar al-Bashir həbsdən yayınıb. İttihamlar Darfur bölgəsində on minlərlə insanın həlak olduğu münaqişəylə bağlıdır. Amma Bashir ittihamları rədd edir.
D.Trump yanvarda vəzifəyə keçəndən ilk xarici səfərinə çıxır. O, Ər-Riyadda, Yerusəlimdə, Romada və Brüsseldə olacaq. Onu dövlət katibi Rex Tillerson müşayiət edəcək.