Rusiyalı müxalif siyasətçi Aleksey Navalny-nın Moskvadakı seçkiqabağı qərargahının açılışı kirayəçi ilə problemə görə təxirə salınıb.
Azadlıq Radiosu Rusiya xidmətinin mayın 16-da verdiyi məlumata görə, bu barədə qərargahın rəhbəri Leonid Volkov tvitter-də məlumat yayıb.
Onun sözlərinə görə, açılış mərasimi mayın 24-ə təyin edilib. Qərargahın açılışı mayın 17-də olmalı idi.
Volkov hələ mayın əvvəllərində, yerin sahibinin kirəyə haqqında müqaviləni pozmaq qərarına gəldyini bildirmişdi.
O, həmçinin Navalny-nın Volqoqrad, Voloqda, Vladivostok, Vladimir və Krasnodardakı qərargahlarının eyni vəziyyətlə üzləşdiklərini deyir.
Federal Təhlükəsizlik Xidməti-nin əməkdaşları bu ərəfədə Navalny-nın Vladivostokdakı qərargahının kilidini dəyişiblər.
Nəticədə açılış mərasimi küçədə keçirilib.
Qeyd edək ki, Aleksey Navalnı prezident Vladimir Putin başda olmaqla Rusiya hakimiyyətinin sərt tənqidçilərindəndir.