“Azal” klubu qayıdır

AZAL PFC. Baku.

Bir müddət əvvəl ləğv edildiyini bəyan edən AZAL Peşəkar Futbol Klubu qərarını dəyişib.

Bu barədə klubun bəyanatında bildirilir.

Klub bildirir ki, ləğv etmə qərarı azarkeşlərin narahatçılığına səbəb olduğundan qərara yenidən baxıblar.

“Sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılıb. Keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması, qəsəbədə müasir təlim-məşq bazasının, stadionun mövcudluğu nəzərə alınıb. Yeni mövsümdən “AZAL” futbol klubunun Şüvəlan Futbol Klubu adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb”, bəyanatda bildirilir.

Şüvəlan Futbol Klubu yeni mövsümdə I Divizionda təmsil olunacaq.

AZAL Peşəkar Futbol Klubu bir müddət öncə ləğv edildiyini açıqlamışdı. AZAL Topaz Premyer Liqasında bu mövsum sonuncu yeri tutmuşdu.

Bu klub 1996-ci ildə yaradılıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi") futbol üzrə həvəskarlar liqasında çıxış edib.

2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib. Həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanıb.

2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. Bu klub 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən verib və ikincilik ilə kifayətlənib.

2009-2010-cu il mövsümündən etibarən klub "Olimpik-Şüvəlan P.F.K.-Bakı" adını götürüb. Bundan sonra da AZAL adı ilə əvəzlənib.