Moon Jae-in Cənubi Koreyanın yeni prezidenti kimi and içib.
64 yaşlı liberal lider mayın 10-da etdiyi çıxışında deyib ki, Koreya yarımadasında təhlükəsizlik böhranının həllindən ötrü dərhal işə başlayacaq.
«Lazım gələrsə, birbaşa Vaşinqtona uçacağam. Pekinə və Tokioya, uyğun şərait olarsa, Pxenyana belə gedəcəyəm», – o deyib.
Yekun nəticələr mayın 9-da keçirilmiş seçkidə Demokratik Partiya namizədinin səslərin 41.1 faizini topladığını göstərib.
Mühafizəkarlardan namizəd Hong Joon-pyo isə səslərin 25.5 faizini toplayıb.
Moon-un tezliklə hökumətdə böyük dəyişikliklər edəcəyi gözlənir. Sələfi Park Geun-hye korrupsiya qalmaqalı üzündən istefaya məcbur olandan sonra hakimiyyətdə boşluq yaranıb.
Moon ölkəni böhrandan çıxarmağa söz verib. O, əvvəlki administrasiyanı qonşu Şimali Koreyanın nüvə silahı hazırlamasını dayandıra bilməməkdə suçlayıb.