Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyir ki, Suriya prezidenti Bashar al-Assad hakimiyyətdən getməyincə, bu ölkədə müharibə bitməyəcək.
Erdoğan aprelin 25-də Ankarada «Reuters» xəbər agentliyinə müsahibə verib. Onun sözlərinə görə, Suriyada altı ilik müharibəni bitirəcək həll variantının tapılmasından ötrü bu ölkə Assad-dan qurtulmalıdır.
«Assad yüz minlərlə insanı qətlə yetirib. Mənim ölkəmdə 3 milyon qaçqın var, Livanda 1.5 milyon, İordaniyada 1 milyon qaçqın yaşayır və bu adamlar öz ölkələrindən, onun prezidenti üzündən qaçıblar», – Erdoğan söyləyib.
Prezidentin sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin ona deyib ki, «Assad-ın vəkili deyil». Qeyd edək ki, Rusiya Assad-ı dəstəkləyir, 2015-ci ildən bu ölkəyə zərbələr endirir.
Rusiya və İran Assad-ı dəstəkləyən ölkələrdir. Türkiyə isə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birlikdə «Suriya Demokratik Qüvvələri» adlı müxalifət qrupunun arxasında durur.