Gözəl Bayramlı 5 saatdan çox prokurorluqda dindirilib [yenilənib]

Gözəl Bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı aprelin 20-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində beş saatdan çox dindirilib.

O, idarəyə vəkilsiz gedib.

AzadlıqRadiosu-nun müxbiri ilə söhbətində G. Bayramlı prokurorluğa çağırılmasının səbəbləri haqda danışıb.

Buna da bax:​ Əli Kərimli prokurorluğa çağırılıb

“Məni guya xaricdən siyasi sığınacaq almaq istəyənlərə AXCP-dən verilmiş saxta arayışlarla bağlı iş üzrə çağırmışdılar. Bu ittiham böhtan və AXCP-yə növbəti təzyiq cəhdidir. Partiyamız heç vaxt heç kimə saxta arayış verməyib. Mən bizim hakimiyyətdən hər şey, hətta həbsimi də gözləyirəm, amma bu, məni qorxutmur. Bir çox partiya üzvlərimiz həbs olunub. Mənim onlardan heç bir üstünlüyüm yoxdur”, o, bildirib.

G.Bayramlı deyib ki, cinayət işi açılıb və o, şahid qismində işə cəlb olunub.

“Mənə saxta arayışları göstəriblər, onların verildiyi şəxslərin kimliyi barədə soruşublar. Bundan başqa, mənim imza nümunəmi götürüblər. Hesab edirəm ki, bu iş tamamilə saxtalaşdırılıb”.

Buna da bax:​ G.Bayramlı: 'Siyavuş Novruzovun ittihamları gülüncdür'

G.Bayramlı əlavə edib ki, bu yaxınlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndəsi Siyavuş Novruzov Əli Kərimlini korrupsiyada ittiham edib və araşdırma başlamağı xahiş edib.

“Aydındır ki, cinayət işi bununla bağıdır. Mən bildirdim ki, biz özümüz saxta arayışlar barədə işin araşdırılmasında maraqlıyıq. Bunu bizim partiyamızla əlaqələndirməsinlər. Biz bu məsələ ilə bağlı əməkdaşlıq etmək barədə razılıq əldə etdik. Mənə heç bir təzyiq olmayıb, deyiblər ki, zərurət yaranarsa, yenidən çağıracaqlar”, deyə Bayramlı əlavə edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də prokurorluğa çağırılıb.

Ə.Kərimli sabah, aprelin 21-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olmalıdır.

Buna da bax:​ G.Bayramlı: 'Özləri təxribat törətməsin...'

AXCP-nin təşkilat şöbəsi müdiri də prokurorluqda dindirildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da aprelin 20-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Saat 14:30-da prokurorluğa gedən cəbhəçi 3 saatdan artıq, orda olub.

S.Qurbanov prokurorluğa vəkili Namizəd Səfərovla birgə gedib.

İdarədən çıxdıqdan sonra o, dindirmənin detalları ilə bağlı bilgi verməyib, müstəntiqin suallarını cavabladığını söyləyib.

S.Qurbanovun bildirdiyinə görə, prokurorluqda xaricdən siyasi sığınacaq almaq istəyənlərə guya, AXCP-dən saxta vəsiqələrin verilməsi barədə cinayət işi açılıb. Onu isə bu iş üzrə şahid qismində dəvət ediblər.

Aprelin 8-i Milli Şura Bakıda etiraz aksiyası keçirmişdi. Orada Milli Şura rəhbərliyi bildirmişdi ki, ölkədə korrupsiyanın başında məhz prezident İlham Əliyev dayanır. Elə həmin gün YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da mətbuatda Eli Kərimlini korrupsiyada və mühacirlərə saxta vəsiqə verməkdə ittiham etmişdi.