57 məhbus vaxtından əvvəl buraxıla bilər

Həbsxana

Vaxtından əvvəl şərti azadlığa buraxılma üzrə komissiya 17 saylı qarışıq müəssisədə olub. Şərti azadlığa buraxılma ilə bağlı 40, məntəqə tipli koloniyaya köçürülmə ilə isə 26 müraciətə baxıb.

Məhkumların özlərinin iştirakı ilə işlərə baxılması zamanı onlardan 57-si (86 faiz) müsbət rəy alıb. Bu rəylər məhbusların ərizəsinə əlavə kimi rayon məhkəməsinə göndəriləcək.

Bu barədə Azərbaycan Hüquq Müdafiə Mərkəzi (AHMM) bildirib.

Həmin komissiya ədliyyə nazirinin təşəbbüsü ilə 4 il öncə yaradılıb. Ora Ədliyyə Nazirliyinin müxtəlif strukturlarının əməkdaşları, həmçinin nazir yanında İctimai Komitənin üzvləri daxildir.

Komissiya saxlama rejiminin yumşaldılması və ya vaxtından əvvəl şərti azadlığa buraxılma işlərinə baxılması zamanı üçüncü tərəf kimi çıxış edir və ərizəçinin maraqlarını dəstəkləyir.

Məlumatda bildirilir ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində vərəmdən müalicə olunanlar, QİÇS və hepatit xəstələri var. Onları sağlam məhbuslardan ayrı saxlayırlar. Orada narkomanların da az olmadığı bildirilir.

Müalicə kursu keçənlərin, zərərçəkənlə barışanların, dəyən zərəri ödəyənlərin və özünü yaxşı aparanların azadlığa buraxılması tövsiyə olunur.