Pence Şimali Koreyanı hədələyir

Mike Pence

ABŞ-ın vitse-prezidenti Mike Pence Şimali Koreyanı hədələyib ki, Birləşmiş Ştatların qətiyyətini sınağa çəkməsin. O, istənilən hücuma «sarsıdıcı və effektiv» cavab veriləcəyini bildirib.

Pence aprelin 19-da «USS Ronald Reagan» təyyarədaşıyan gəmisində çıxış edib. Deyib ki, Şimali Koreya «Asiya-Sakit Okean regionunda sülhə və təhlükəsizliyə ən təhlükəli və birbaşa hədədir».

Vitse-prezident Donald Trump administrasiyasının Pxenyana iqtisadi və diplomatik təzyiqdən ötrü digər ölkələrlə işi davam etdirəcəyini söyləyib. Pence ABŞ-ın həmişə sülh istədiyini, amma «qılınc və qalxanların» hazır olduğunu da dilə gətirib.

Bir neçə gün öncə Şimali Koreyanın raket sınağı uğursuz olub. Pxenyan son illər BMT sanksiyalarına və beynəlxalq ictimaiyyətin təpkisinə baxmayaraq, nüvə və raket sınaqlarını sürətləndirib.