Lavrov-dan ABŞ-a Şimali Koreya çağırışı

S.Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, Birləşmiş Ştatların Şimali Koreyaya qarşı, Suriyada etdiyi kimi, «çox təhlükəli» birtərəfli hərbi tədbirə əl atmayacağına ümid edir.

Lavrov aprelin 17-də ABŞ-ın vitse-prezidenti Mike Pence-in «strateji səbir erasının bitməsi» barədə dediklərinə reaksiya verib. Pence Şimali Koreyanın nüvə silahı hazırlamaq cəhdlərindən danışarkən deyib: «Son iki həftədə dünya yeni prezidentimizin Suriya və Əfqanıstandakı addımlarından onun gücünü və qətiyyətini gördü», – Pence söyləyib.

Lavrov Şimali Koreyanın «məsuliyyətsiz nüvə hərəkətlərini» pisləyib, amma onu da əlavə edib ki, Pence-nin sözləri Pxenyana qarşı birtərəfli tədbir hədəsi kimi başa düşülə bilər, «bu, çox riskli bir yoldur».

«Pxenyanın raket sınaqlarını qəbuledilməz sayırıq, amma bu o demək deyil ki, digərləri də beynəlxalq hüququ pozaraq hərbi gücə əl ata bilər», – Lavrov Moskvada jurnalistlərə deyib.