118 min hektar torpağın təyinatı dəyişdirilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Ucarda otlaqlarda pambıq əkmək planı qarşıdurma yaradıb

Azərbaycanın 21 rayonunda 118.2 min hektar sahənin təyinatı dəyişdirilib. Həmin torpaq sahələri kənd təsərrüfatında istifadə ediləcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilir.

Komitənin məlumatına görə, bu torpaqlar rayonlardakı aqroparkların istifadəsinə verilir.

Aqroparkları - kənd təsərrüfatı müəssisələrini kimlərin və hansı şərtlərlə yaratdığı izah edilmir.

Bəzi ekspertlər onların yuxarı səviyyələrdən himayə olunduqlarını bildirirlər.

Dövlət Komitəsi həmçinin qeyd edir ki, icarədə olan dövlət və bələdiyyə mülkiyyətinə aid torpaqların icarəçilərinin ümumi siyahısı hazırlanaraq vahid baza yaradılıb. Həmin bazada torpaqların istifadə vəziyyətinin də göstərildiyi bildirilir.

Komitə bu baza vasitəsilə torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarətin həyata keçirilməsini planlaşdırır.

XATIRLATMA

Azərbaycanda torpaq sahələrindən səmərəli istifadə mövzusu ötən ilin əvvəlində gündəmə gəlmişdi.

Həmin vaxt prezident İlham Əliyev ölkədə torpaqların təyinatına uyğun səmərəli istifadəsi və torpaqların qeyri-qanuni zəbt olunmasının qarşısının alınması ilə bağlı göstərişlər vermişdi.

Ardınca Kənd Təsərrüfatı Nazirliyi istifadə olunmayan torpaqlarının dövriyyəyə qaytarılması ilə bağlı xüsusi qaydalar hazırlamışdı.

Ancaq bu sahədə atılan addımlar birmənalı qarşılanmır.

Bir çox rayonların fermerləri deyirlər ki, yerli rəsmi qurumlar torpaqlardan səmərəli istifadə edilməməsi əsası ilə onların icarəyə götürmüş olduqları və heyvandarlıqda istifadə etdikləri torpaqları əllərindən alırlar.

Ekspertlər görə, ölkədəki belə icarə torpaqları bir əldə cəmləşməkdədir.