«Faiq Əmirlinin səhhətində problemlər qalmaqda davam edir».
Bunu AzadlıqRadiosuna «Azadlıq» qəzetinin həbsdə olan yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev bildirib.
F.Mehdiyev F.Əmirlinin evdən gətirilən dərmanları qəbul etdiyini deyib: «Düzdür, F.Əmirli evdən gələn dərmanları qəbul edir. Amma təkcə dərman qəbulu ilə durum dəyişməz. F.Əmirlinin saxlanma şəraiti dəyişdirilməlidir, hər gün pəhriz qidaları qəbul etməlidir».
Vəkil F.Əmirlinin öd yollarında, qaraciyərində və mədəsində ağrılar olduğunu söyləyib.
F.Mehdiyev F.Əmirlinin cinayət işinin istintaqı ilə bağlı da informasiya verib: «Artıq istintaq yekunlaşmaq üzrədir».
Vəkilin bu istəyinə, hələlik, Penitensiar Xidmətidən münasibət almaq mümkün olmayıb.
XATIRLATMA
F.Əmirli 2016-cı il avqustun 20-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 168-ci (qanunsuz dini ayin icra etmək) və 282-ci (milli, irqi və dini ayrıseçkilik yaratmaq) maddələri ilə cinayət işi qaldırılıb.
İstintaqda o, Türkiyədə hakimiyyət çevrilişində ittiham edilən Fethullah Gülen tərəfdarlarının imamı kimi təqdim edilir. F.Əmirli ittihamları rədd edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası isə bəyanat yayaraq, F.Əmirlinin həbsini siyasi sifariş kimi dəyərləndirib.
F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı da dayanıb.