Rusiyada bloqqer həbs olunub

Vyacheslav Maltsev

Aprelin 13-də Rusiya polisi videobloqqer Vyacheslav Maltsev-in evinə basqın edərək, onu dindirilməyə Moskvaya aparıb. Maltsev ötənilki parlament seçkilərinə qatılmışdı.

O, Saratov şəhərindəki mənzilinə polis basqınından canlı yayım təşkil edib. Videoda görünür ki, çevik polis alayının müşayiəti ilə gəlmiş müstəntiq 52 yaşlı Maltsev-ə geyinməyi əmr edir.

Maltsev-in gündəlik videobloqlarına, adətən, 100 minədək baxış olur.

O, sentyabrda seçkidə PARNAS müxalifət partiyasından namizədliyini vermişdi. Partiya dünən bildirib ki, bloqqer Moskvaya təyyarə ilə aparılanda ürəyi tutub.

Rusiya xəbər agentlikləri Maltsev-in tibbi nəzarətdə saxlandığını və ötən ay Moskvada etiraz aksiyası zamanı polis əməkdaşına hücumla bağlı dindirildiyini yazır.

«Interfax» bloqqerin vəkilsiz, Tverskoye polis məntəqəsində saxlandığını bildirir.

Son illərin ən böyük aksiyalarından sayılan 26 mart etirazı hakimiyyətlə razılaşdırılmamışdı.

Rusiya İstintaq Komitəsi aprelin 13-də bildirib ki, yürüşdə polisə hücumla bağlı daha dörd şübhəli saxlanıb.