Rusiya seçkinin gününü dəyişir

V.Putin

Rusiya 2018-ci il prezident seçkisinin keçiriləcəyi günü martın 11-dən 18-nə keçirməyə hazırlaşır. Martın 18-də Rusiya Ukraynadan Krımı almasının ildönümünü qeyd edir.

Aprelin 12-də Dövlət Duması həmin tarixin dəyişməsiylə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Rusiya qanunvericiliyinə görə, prezident seçkisi martın iş gününə düşməyən ikinci bazar günü keçirilir.

Layihə müəllifləri deyirlər ki, martın 11-i 8 Mart Beynəlxalq Qadınlar bayramından sonra iş gününə düşəcək. Amma seçkini bir həftə öncəyə deyil, sonraya keçirməyi təklif edirlər.

Müşahidəçilərin fikrincə, Kreml bununla seçici fəallığını artırmağı hədəfləyir.

Putin 2014-cü il martın 18-də Krım yarımadasını Rusiyanın tərkib hissəsi elan edən sənədi imzalayıb. Kiyev, Birləşmiş Ştatlar isə bunu rədd edir, Krımı Ukraynanın ayrılmaz hissəsi sayır.

Putin gələn ilki seçkiyə getmək planlarını açıqlamayıb, amma əksər müşahidəçilər onun belə edəcəyini düşünür.