Nobel Sülh mükafatı laureatı Malala Yousafzai Kanadanın fəxri vətəndaşlığını alıb və bu ölkənin parlamentində çıxış edən ən gənc şəxs olub.
Baş nazir Justin Trudeau aprelin 12-də ona fəxri vətəndaşlıq vəsiqəsini təqdim edib. Malala Kanadanın altıncı və ən gənc fəxri vətəndaşıdır.
«Malala, sənin hekayətin hamımızı ruhlandırır», – baş nazir deyib.
19 yaşlı pakistanlı fəal 15 yaşı olanda məktəbdən qayıdarkən «Taliban» yaraqlıları tərəfindən başından güllələnib. O, qadınların təhsil hüquqlarını təbliğ etdiyinə görə hədəfə alınıb.
2014-cü ildə Malala Nobel Sülh mükafatına layiq görülüb.
Ona 2014-cü ildə fəxri vətəndaşlıq veriləcəkdi, amma həmin gün Kanada parlamentinə silahlı terrorçu hücum edib.