FBI Trump-ın müşavirini izləyirmiş

Carter Page

FBI Donald Trump-ın prezident seçkisi kampaniyası zamanı müşavirinin kommunikasiyalarını izləməyə məhkəmə orderi əldə edibmiş. Bu barədə «The Washington Post» aprelin 11-də yazıb.

Adı çəkilməyən rəsmilərə istinad edən qəzet yazıb ki, Federal Təhqiqatlar Bürosu (FBI) bu orderi xarici siyasət müşaviri Carter Page-lə bağlı əldə edib. Bundan ötrü məhkəməni inandırıb ki, C.Page xarici dövlətin – Rusiyanın agenti ola bilər.

Qəzetin yazdığına görə, belə bir məhkəmə qərarı onu göstərir ki, FBI 2016-cı il prezident seçkisi kampaniyasında Trump-ın müşavirinin Rusiya agentləri ilə təmasda olduğuna inanıb və buna səbəbi olub.

Hazırda FBI və Konqres komitələri Rusiyanın seçkiyə Trump-ın xeyrinə müdaxilə edib-etməməsini araşdırır. Bunun demokratlar partiyasının elektron yazışmalarına haker hücumu, utancverici informasiyasının yayılması, eləcə də Trump-ın adamlarıyla əlaqələr vasitəsilə edildiyi güman olunur.

Trump indiyədək bu deyilənləri danıb. C.Page də qəzetə deyib ki, bu yazılanlar onun hökumətin əsaslandırılmamış, siyasi motivli nəzarəti barədə şübhələrini təsdiqləyir.