Prezidentin təyyarəsi qəzadan öncə partlayıb?

TU-154-nün qalıqları

2010-cu ildə Polşa prezidentinin olduğu təyyarənin Rusiyanın qərbində qəzaya düşməzdən az öncə partlaması versiyası irəli sürülüb. Bu açıqlamanı həmin hadisəni araşdıran Polşa hökumət komissiyası yayıb. Hadisə zamanı təyyarədəkilərin hamısı həlak olmuşdu.

Aprelin 10-da Rusiyanın Smolensk şəhəri yaxınlığındakı qəzanın 7 ili tamam olub. Hökumət komissiyası isə ilkin tapıntılarını açıqlayıb.

Qəzada prezident Lech Kaczynski, onun həyat yoldaşı, ordu rəhbərliyi, Polşa mərkəzi bankının rəhbəri, ümumilikdə 95 nəfər həlak olmuşdu. Onlar Rusiyaya, 1940-cı ildə Sovet gizli polisinin Katın meşəsində qətlə yetirdiyi minlərlə polyak zabitin anım mərasiminə gedirdilər.

Polşa hökumətinin daha öncəki təhqiqatında deyilirdi ki, TU-154 təyyarəsi qatı dumanda, pilotun səhvi üzündən qəza törədib.