Bu il Azərbaycanın 19 hərbçi itirdiyi bildirilir

Foto illüstrasiya

2017-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ən azı 19 hərbi qulluqçunun həlak olduğu bildirilir. Onların 12-nin döyüş, 7 nəfərin isə qeyri-döyüş şəraitində öldüyü qeyd edilir.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub.

Bundan başqa, 2 hərbiçinin xəstəlik nəticəsində, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyadan köçdüyü bildirilir.

1 nəfərin isə əsgər yoldaşının açdığı atəş nəticəsində öldüyü açıqlanıb.

Ölənlərin 9 nəfərinin müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 8 nəfərinin əsgər, 2 nəfərin isə zabit olduğu bildirilir. Hesabata görə, onların hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub.

Monitorinq edilən dövrdə 2 hərbi qulluqçunun da yaralandığı və ya xəsarət aldığı vurğulanır. Buna da Ermənistan tərəfin müdaxiləsi səbəb kimi göstərilir.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu həmçinin ehtimal edir ki, təmas xəttində fevralın 24-ü və 25-də baş vermiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayı daha çox olub.

Azərbaycan Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərlə bağlı hər hansı statistika açıqlamayıb.

Bu barədə statistika, bir qayda olaraq, qapalı saxlanır.