'Parabank' kredit təşkilatı oldu

Parabank

Lisenziyası ləğv edilmiş «Parabank» fəaliyyətini davam etdirəcək. Ancaq «Parabank» bank kimi yox, bank olmayan kredit təşkilatı (BOKT) formasında fəaliyyət göstərəcək.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında bildirilir.

Məlumata görə, palatanın direktorlar şurası bununla bağlı martın 30-da qərar verib. Qərar «Parabank»ın martın 9-da etdiyi müraciət əsasında çıxarılıb.

Həmin qərarla «Para» Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə girov əmanəti qəbul etmək hüququ ilə kreditlərin verilməsinə dair lisenziya ayrılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası ötən il iyulun 21-də «Parabank»ın lisenziyasını ləğv etmişdi. O zaman Palata lisenziyanın alınmasını bankın aktivlərini qanunvericiliklə tələb olunan qaydada bölüşdürməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmaması ilə əsaslandırmışdı.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib.