Rex Tillerson Ankaradadır

Rex Tillerson

ABŞ-ın dövlət katibi Rex Tillerson Türkiyəyə gedib. Onun, əsasən, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizəni müzakirə edəcəyi gözlənilir.

Dövlət Departamenti bildirib ki, Tillerson-un martın 30-da prezident Recep Tayyip Erdoğan və digər hökumət rəsmiləri ilə görüşlərində Suriya, İraqda İŞİD yaraqlılarını məğlub etməyi hədəfləyən kampaniyanı irəlilətməklə bağlı danışıqlar aparılacaq.

Ankara Vaşinqtonu çağırır ki, İŞİD-in Suriyada son dayaq nöqtəsi olan Raqqanı yaraqlılardan geri almaqdan ötrü birgə savaşsınlar. Türkiyə ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərin bu əməliyyatlardan kənarlaşdırılmasını istəyir.

Danışıqlarda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in Türkiyəyə ekstradisiya məsələsinə də toxunulacağı gözlənilir. Türkiyə Gülen-in ötənilki çevriliş cəhdinin arxasında durduğunu deyir, Gülen bu ittihamları rədd edir.