Penitensiar Xidmət: 'Mövsüm Səmədov nizam-intizama tabe olmalıdır'

Azerbaijan -- The chairman of the Islamic Party Movsum Samadov

Azərbaycan İslam Partiyasının sədri, hazırda 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Mövsüm Səmədovun martın 6-dan cərimə kamerasına (karser) salındığı bildirilir.

Bu barədə onun vəkili Yalçın İmanov AzadlıqRadiosuna məlumat vermişdi. Vəkilin deməsinə görə, buna səbəb kimi isə onun «antisanitariya şəraiti yaratması və məhkumların yataqxanasında namaz qılması» göstərilib.

M.Səmədovun artıq 3-cü dəfə cərimə kamerasına salındığını bildirən vəkil vurğulayıb ki, bunda məqsəd onu yenidən Qobustandakı qapalı cəzaçəkmə müəssisəsinə göndərməkdir.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə bu məsələ ilə bağlı bunları deyib: «Biz vəkilin nə deməsinə şərh vermirik. Amma məhkum kimliyindən asılı olmayaraq, cəza çəkdiyi müəssisənin nizam-intizamına tabe olmalıdır. Bu nizam-intizam pozulduqda, daxili qaydalara görə, müəssisə rəhbərliyi cəzalar tətbiq edir».

M.Sadıqov deyir ki, əgər məhkum verilən cəzanı haqlı saymırsa, bundan şikayət etmək hüququ var: «Məhkum Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin müəyyən strukturlarına, nəhayət, məhkəməyə şikayət verə bilər».

XATIRLATMA

Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa İnsan Hüquqları Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illiyə Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb.

Mövsüm Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq, Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.

O, yalnız ötən ilin sonunda 12 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilmişdi.