'Ciddi sanksiya təhlükəsi olarsa...'

Oktay Gülalıyev/

“Siyasi məhbusların azad edilməsi, insan hüquqlarının müdafiəsi və demokratik qurumların normal fəaliyyətinin təmin edilməsi haqqında tələblər yerinə yetirilməsə, Qərb ciddi tədbirlərə əl ata bilər”.

Hüquq müdafiəçisi Oktay Gülaliyev ABŞ-ın Helsinki Komissiyasının Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması çağırışını AzadlıqRadiosu-na şərh edərkən belə deyib.

“Yerli və beynəlxalq təşkilatlar, artıq uzun müddətdir Azərbaycan hakimiyyətinə siyasi məhbusları azad etmək çağırışı edir. Amma hakimiyyət bu çağırışları eşitmək istəmir. Sonuncu əfv sərəncamı bunu sübut edib. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündəki öhdəliklərini yerinə yetirmək əvəzinə, hakimiyyət koalisiyanın tərkibindən çıxıb”, deyə xatırladan hüquq müdafiəçisi sanksiyaların tətbiqinin gözlənilən olduğunu ifadə edib.

Buna da bax:​ Helsinki Komissiyası Novruzda həbsdə olan fəalların azadlığını istədi

“Azərbaycan hakimiyyəti özü buna zəmin hazırlayır. Tədricən Azərbaycan hakimiyyətinə çağırış və tələblər artacaq və son nəticədə bu, sanksiyalara gətirib çıxaracaq. Dünyada elə bir hökumət yoxdur ki, sanksiyalardan qorxmasın. Azərbaycan çox kiçik ölkədir. Düşünürəm ki, ciddi sanksiya təhlükəsi olarsa, hakimiyyət bəzi islahatlara getməyə məcbur olacaq", deyə O.Gülalıyev qeyd edib.

“Ümidlər doğrulmadı”

“Sanksiyalar məsələsi gündəliyə gələ və sanksiyalardan Azərbaycana beynəlxalq təzyiq vasitəsi kimi istifadə oluna bilər”.

Bunu isə digər hüquq müdafiəçisi Bəşir Süleymanlı bildirib.

Buna da bax:​ «Yaltaqlara dur» deyən gənc həbsdən çıxdı

“Biz həmişə ölkədə siyasi məhbus probleminə birdəfəlik son qoymağı tələb etmişik. Bundan ötrü siyasi iradə lazımdır. Beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən ABŞ-ın Helsinki Komissiyası bu problemdən narahatdır. Onların bəyanatı göstərir ki, siyasi məhbusların azad edilməsindən ötrü 2014 - 2015-ci illərin təzyiq kampaniyasını bərpa etmək niyyətindədirlər. Azərbaycan hakimiyyəti inad edəcəyi təqdirdə ABŞ Senatında sanksiyalar məsələsinə baxıla bilər”, o, əlavə edib.

Hüquq müdafiəçisi qeyd edib ki, ABŞ-ın yeni administrasiyası, hələlik Azərbaycan hakimiyyəti ilə demokratiya məsələlərini müzakirə etməyib.

“Bu danışıqlardan sonra siyasi məhbuslar məsələsinin necə həll olunacağını daha dəqiq demək olacaq. Biz və Qərb təşkilatları siyasi məhbusların azad ediləcəyini gözləyirdik. Dəfələrlə deyilmişdi ki, martda böyük əfv gözlənilir. Hətta siyahıya düşəcək siyasi məhbusların sayı göstərilirdi. Söhbət 27 addan gedir. Ümidlər doğrulmadı", deyə B.Süleymanlı qeyd edib.

Buna da bax:​ Amnesty International: Azərbaycanda hökumət tənqidçilərinə kiberhücumlar təşkil edilir

Martın 20-də ABŞ Senatının Helsinki Komissiyası Azərbaycan hakimiyyətinə üz tutaraq siyasi məhbus sayılan şəxslərin azad edilməsini istəmişdi. Həmin müraciətdə prezidentin sonuncu əfv fərmanında yalnız bir neçə siyasi məhbus sayılan şəxsin yer almasından təəssüf bildirilirdi.

Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Bu günlər Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosu-na bu mövzu ilə bağlı bunları bildirmişdi:

“Azərbaycanın müasir tarixində nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin və beynəlxalq təşkilatlar öz bəyanatlarında tam razılıq bildirsin? Onlar həmişə daha çox addımlar atmağa çağırırlar. Biz beynəlxalq təşkilatların bəyanatları ilə işləmirik. Biz Azərbaycan Respublikasının maraqlarından çıxış edirik. Ən əsası, respublikada sabitliyin, insan haqlarına münasibətin yüksək səviyyədə formalaşması naminə işləyirik”.

Buna da bax:​ ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

Xatırlatma

Bu il martın 16-da dövlət başçısı İlham Əliyev «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» sərəncam imzalayıb.

Sərəncam ümumilikdə 423 nəfər məhbusa şamil edilib. Onlardan 412-si cəzasının çəkilməmiş hissəsindən azad edilib. Qalanlarının isə ya həbs müddəti azaldılıb, ya da şərti məhkumluğu götürülüb.

Əfv olunanlar arasında hüquq müdafiə təşkilatlarının siyasi məhbuslarla bağlı siyahılarında yer alan bir neçə şəxsin adı da var. Bunlar AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə, bloqqer Əbdül Əbilov və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin iki qohumudur.

Buna da bax:​ Əfv sərəncamı verildi. Emin Millinin, Qənimət Zahidin qohumları...

Meydan TV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov isə şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib.