Rusiya Bosniyaya 125 milyon dollar ödəyəcək

Dollar

Bosniya və Rusiya Moskvanın bu Balkan ölkəsinə 125.2 milyon dollarlıq borcunun ödənməsi barədə razılaşma imzalayıblar.

Bosniyanın maliyyə naziri razılaşmanın martın 22-də Moskvada imzalandığını bildirib. Bununla da Bosniya borcunu nağd şəkildə alan yeganə eks-Yuqoslaviya ölkəsi olacaq.

Tam məbləğin mayın sonunda köçürüləcəyi gözlənilir. Amma bu vaxt həm də Bosniya parlamentinin sazişi hansı sürətlə ratifikasiya edəcəyindən asılıdır.

Rusiya maliyyə nazirinin müavini Sergei Storchak deyib ki, saziş qüvvəyə minəndən 45 gün ərzində Moskva ödənişi edəcək.

Rusiya 2003-cü ildə keçmiş Sovet İttifaqının keçmiş Yuqoslaviyaya borcunu ödəmək məsuliyyətini götürüb. Borcun məbləği 1.3 milyard dollardır. Həmin borc, əsasən, kommunist Yuqoslaviyasının Sovet İttifaqına istehlak malları göndərdiyi biznes sazişləri çərçivəsində yaranıb.