Baharın ilk günü

Səməni

Martın 20-də Azərbaycanda Novruz bayramı qeyd edilir.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Azərbaycana yaz bu gün, martın 20-si saat 14:29-da qədəm qoyur.

Bayrama qədər olan su, od, yel və yer çərşənbələri artıq arxada qalıb.

Novruz bayramının özünəməxsus adətləri var.

Bu adətlər tonqal qalamaqdan, tonqal üstündən tullanmaqdan, havaya yanar məşəllər atmaqdan, xeyir söz eşitməkdən ötrü qapı pusmaqdan, qonum-qonşudan pay almaq məqsədilə «papaq atmaq»dan və küsülülərin barışmasından ibarətdir.

Hələ SSRİ vaxtı Novruz bayramı Azərbaycanda uzun müddət yasaq edilsə də, 1967-ci ildə yarım rəsmi qaydada qeyd edilib. O vaxtın şahidlərinin bildirməsinə görə, həmin bayramın qeyd edilməsində Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya katibi Şıxəli Qurbanovun böyük xidmətləri olub. Ancaq az sonra o müəmmalı şəkildə vəfat edib. Doğmaları onun qətlə yetirildiyini düşünürlər. Sonra Novruz Azərbaycanda yenidən tədricən yasaq edilib. Bir də Azərbaycanda 1989-cu ildə o vaxtın milli azadlıq hərəkatının təsiri ilə qeyd edilməyə başlayıb.