İsraildən Suriyaya xəbərdarlıq

Avigdor Lieberman

İsrail Dəməşqə xəbərdarlıq edib ki, hərbi təyyarələri əleyhinə havadan müdafiə sisteminə əl atmasın. Bundan öncə suriyalılar İsrail təyyarələrinə atəş açıblar. Həmin təyyarələr «Hizbullah» hərbi qruplaşmasına silah apardığı bildirilən konvoya zərbələr endirirmiş.

«Suriyalılar bir də təyyarələrimizə qarşı havadan-müdafiə sistemindən istifadə etsələr, tərəddüd etmədən onları darmadağın edəcəyik», – müdafiə naziri Avigdor Lieberman martın 19-da deyib.

«Hizbullah» Suriyada hökumət qüvvələriylə birlikdə savaşır. Livanda mənzillənən, İranın dəstəklədiyi bu şiə qruplaşması İsrailin düşmənidir və son 10 ildə bu ölkəyə minlərlə raket atıb.

İsrail və Birləşmiş Ştatlar «Hizbullah»ı terrorçu təşkilat hesab edir.

Martın 17-də İsrail hərbi təyyarələri Suriyanın Palmira şəhərində bir neçə hədəfi vurublar. Baş nazir Benjamin Netanyahu deyib ki, zərbələr «Hizbullah» döyüşçülərinə göndərilən silahları hədəfə alıb. Suriya ordusu da bir İsrail təyyarəsini vurduğunu bildirib.