Türkiyə AB-ni qaçqınlarla bağlı anlaşmanı ləğv etməklə hədələyir.
Bir il əvvəl—Avropa miqrant böhranı ilə üz-üzə olanda, Türkiyə AB ilə qaçqınların Avropaya axınını önləmək haqda anlaşma imzalamışdı. Razılaşmaya görə, qaçqınları dayandırması müqabilində AB Türkiyə vətəndaşlarının birlik ölkələri ərazisinə vizasız gediş-gəlişini təmin etməli, miqrantların öhdəsindən gəlməkdən ötrü Türkiyəyə 6 milyard dollarlıq yardım etməli idi.
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu martın 15-də «Kanal 24» televiziyasına müsahibəsində deyib ki, indi Türkiyə bu anlaşmanı yenidən gözdən keçirir, AB-nin öhdəliklərinə əməl etmədiyi təsdiqlənsə, anlaşma birtərəfli ləğv ediləcək.
M.Çavuşoğlu hazırda Türkiyənin də anlaşmaya əməl etmədiyini söyləyib və bunu AB-nin viza rejimini aradan qaldırmamasıyla bağlayıb.