Martın 13-ü iqtisadçı-ekspert Oqtay Haqverdiyev 81 yaşında vəfat edib.
O.Haqverdiyev 1936-cı il mayın 15-də Bakıda doğulmuşdu.
1960-cı ildə Xalq Təsərrüfatı İnstitutunu bitirmişdi. 1970-ci illərdən Dövlət Plan Komitəsində çalışmışdı.
O, iqtisadiyyat nazirinin müavini vəzifəsinə kimi yüksəlmişdi.
O.Haqverdiyev «1997-1999-cu illərdə Azərbaycanda strukturun yenidən qurulması və iqtisadi artım Proqramı»nın, «Mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Proqramı»nın, «Dövlət idarəçiliyini təkmilləşdirilməsi konsepsiyası»nın və «Qiymətli kağızla haqqında» qanun layihəsinin müəlliflərindən biri olub.
İqtisadçı-ekspertlərdən Natiq Cəfərli mərhum O.Haqverdiyevi öz şərhləri ilə fərqlənməyi bacaran şəxs kimi dəyərləndirir: «İqtisadi problemlərin müzakirəsində keçmiş dövlət məmuru kimi sistemin daxilini yaxşı bildiyindən, daim ciddi təklifləri olurdu. O, daim yaddaşlarda həqiqəti söyləyə bilən şəxs kimi qalacaq və ona Allahdan rəhmət diləyirəm».