'Müsəlman Birliyi'nin 6 tərəfdarının şikayəti rədd edilib

Nardaranda əməliyyat. 2015

Bu gün, martın 10-da Ali Məhkəmə «Müsəlman Birliyi» Hərəkatının həbsdə olan 6 tərəfdarının şikayətinə baxıb. Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İlham Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

Onlar - Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Sabunçu rayon Məhkəməsinin barələrində çıxardığı hökmdən apellyasiya şikayəti vermişdilər. Həmin şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin verdiyi ilkin baxış iclasının qərarından Ali Məhkəməyə müraciət edilib.

Ali Məhkəmədə vəkil Elçin Sadıqov ilkin baxış iclasının qərarının qanunsuz olduğunu bildirib.

Vəkil qeyd edib ki, birinci məhkəmə instansiyasında icraat da qanunsuz aparılıb, gərəkli məhkəmə istintaqı təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi isə ilkin baxış iclası zamanı ədalətli qərar verilməsindən ötrü vacib olan vəsatətləri təmin etməyib.

«Biz apellyasiya icraatının qismən məhkəmə istintaqı ilə aparılması, zərərçəkmiş və şahid kimi göstərilmiş polis əməkdaşlarının dindirilməsi, videogörüntülərə baxış keçirilməsi barədə vəsatətlər verdik. Bu vəsatətlərin təmin olunması işin ədalətli araşdırılması baxımından çox vacib idi. Bundan başqa, həmin şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatətlər də vermişdik. Məhkəmə qərar verərkən vəsatətlərin heç birini təmin etmədi», - vəkil bildirib.

Vəkil məhkəmədən ilkin baxış iclasının qərarının ləğv edilməsini istəyib.

Məhkəmə heyəti şikayəti rədd edib.

Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov ötən il noyabrın 5-də, «Müsəlman Birliyi» Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşdıqları zamanı saxlanıblar. Onlar ötən ilin avqustunda məhkum ediliblər.

Sabunçu rayon Məhkəməsi onları Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirkar hesab edib.

Hökmə əsasən, təqsirləndirilənlərdən Sahil Rzayev 6 il 5 ay 15 gün, Niftəli Vəliyev 5 il 11 ay 10 gün, Anar Əliyev 5 il 11 ay, Elvin Bünyadov 6 il 1 ay 15 gün, Lətif Əhmədov 5 il 11 ay 20 gün, Teymur Osmanov isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Bu 6 nəfərin cinayət işi də «Nardaran işi»nə aid edilir.

XATIRLATMA

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatı sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları bu hərəkatla bağlı ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə silah saxlama və iğtişaş ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırova 20 il, digərlərinə 10 ildən 20 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə danışan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlı deyilənləri də yalanlayıblar.