AXCP fəalının istintaqı yekunlaşdı

Fuad Əhmədli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Fuad Əhmədlinin işi üzrə istintaq yekunlaşıb.

Bu haqda AzadlıqRadiosuna gənc fəalın vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkil bildirib ki, gələn həftədən cinayət işinin materialları ilə tanış olacaq, ardınca da iş məhkəməyə göndəriləcək.

Martın 10-da Bakı Apellyasiya Məhkəməsində F.Əhmədli haqqında həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına dair qərardan verilmiş şikayətə baxılıb. Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib.

«Bu, Fuad Əhmədlinin barəsində həbs-qətimkan tədbiri ilə bağlı doqquzuncu məhkəmə idi. Amma təəssüf ki, məhkəmələr istər şikayətlərimizdə, istərsə də çıxışlarımızda göstərdiyimiz arqumentlərin heç birinə münasibət bildirmir», – Ə.Mustafayev bildirib.

Vəkilin sözlərinə görə, məhkəmədən sonra onlara F.Əhmədlinin işinin «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin işindən ayrıldığı və istintaqın yekunlaşdığı haqda məlumat verilib.

Fuad Əhmədli ötən il avqustun 18-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 302.2 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun açıqlamasında qeyd edilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləmiş F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb. AXCP isə bəyanat verərək bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib. Hazırda bu partiyanın 10-a yaxın üzvü həbsdədir.

Türkiyənin hakimiyyət orqanları F.Gülen-i ötən ilin iyulunda bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen bu ittihamları yalanlayıb.