Şimali Koreya 4 raket atıb

Cənubi Koreya televiziyası raket sınağını göstərir.

Şimali Koreya 4 ballistik raketini havaya buraxıb. Raketlərdən 3-ü Yaponiyanın nəzarətində olan sulara düşüb. Bunu Yaponiyanın baş naziri Shinzo Abe bu gün—martın 6-da parlamentdə çıxışında deyib. Nazirin sözlərinə görə, raketlər təxminən 1000 kilometrlik məsafə qət ediblər.

Cənubi Koreya hərbçiləri də məlumatı təsdiqləyiblər. Cənubi Koreya prezidenti səlahiyyətlərini icra edən Hwang Kyo-Ahn Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirərək, raket məsələsini müzakirə edib.

Şimali Koreyanın atdığı son raketlərin növü haqda, hələ ki, məlumat yoxdur. Son aylar bu ölkə rəhbərliyinin bir neçə ballistik raketi sınaqdan keçirdiyi bəllidir.