Marine Le Pen deputat toxunulmazlığından məhrum oluna bilər

Marine Le Pen

Fransa prezidentliyinə namizəd Marine Le Pen deputat toxunulmazlığından məhrum oluna bilər.

Avropa Parlamentinin bu məsələyə baxacağı gözlənilir.

Bu barədə martın 1-də “İndependent” və digər kütləvi informasiya vasitələri məlumat yayıb.

Məlumata görə onun deputat toxunulmazlığından məhrum edilməsini Nant prokurorluğu istəyib.

Prokurorluq onun sosial şəbəkələrdə “İslam dövləti” yaraqlılarının edam fotolarını yayması ilə bağlı hazırda istintaq aparır.

Söhbət , Marine Le Penin 2015-ci ildə Tvitterdə amerikalı jurnalist James Foley-nin öldürülməsi də daxil olmaqla İslamçıların edam fotolarını yaymasından gedir.

Bir sıra hüquqşünaslar bunu zorakılığın təbliği adlandırıblar.

Amma Marine Le Pen deputat toxunulmazlığından istifadə edərək prokurorluğun çağırışına məhəl qoymayıb.

Avropa Parlamentinin hüquq məsələləri üzrə komitəsi artıq onun deputat toxunulmazlığından məhrum edilməsinə səs verib.

İndi deputatlar bunu ümumi səsvermədə də təsdiqləməlidirlər.

Rəy sorğularına görə Marine Le Pen seçkinin birinci mərhələsində qalib gəlsə də ikinci mərhələdə uduzacaq.

Seçkinin birinci mərhələsi aprelin 23-də keçiriləcək.