Masazır qəsəbəsindəki Zəli gölü ərazisində baş verən sürüşmə və uçqun nəticəsində 7 ev yararsız vəziyyətə düşüb. Ərazidə yerləşən digər evlərin divarlarında isə çatların əmələ gəldiyi bildirilir.
Bu haqda APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Onun deməsinə görə, Zəli gölü kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesi aktiv fazadadır.
«Hadisəsinin baş verdiyi yamacın maililiyi 30 dərəcə təşkil edir. Prosesin dinamikasında aktivlik davam etsə, digər evlərə də təhlükə yarana bilər», - nazirlik rəsmisi deyib.
Bir gün əvvəl, fevralın 28-də Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi və uçqun ilə bağlı xəbərlər yayılmışdı.
Böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə, bəzi sahələrdə isə uçqun prosesi müşahidə edildiyi vurğulanırdı.