Masazırda torpaq sürüşməsi və uçqun baş verib

Sizin brauzer HTML5-i dəstəkləmir

Masazırda torpaq sürüşməsi

Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsinin baş verdiyi bildirilir.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti xəbər verib.

Xidmətin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, hadisə Masazır qəsəbəsindəki «Zəli gölü» kimi tanınan ərazidə qeydə alınıb. Böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.

Onun deməsinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır. Yamacın maililiyi 20-25 dərəcə təşkil edir.

«Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə yaranıb. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir», - nazirlik rəsmisi bildirib.

R.Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub.