'Son dövrlər hökumətin daxili borcları da sürətlə artır'

İqtisadçı-ekspert Rövşən Ağayev

“Xarici borcla yanaşı, son dövrlər hökumətin daxili borcları da sürətlə artır”.

İqtisadçı-ekspert Rövşən Ağayev dövlət borcunun durumunu şərhində belə qeyd edib.

İqtisadçı "Fitch" beynəlxalq reytinq agentliyinin dövlət borcu ilə bağlı rəqəmlərini xatırladıb.

“Agentlik Azərbaycanın rəsmi dövlət borcunun 2016-cı ilin sonuna ümumi daxili məhsulun (ÜDM) 22.5 faizi həcmində olduğunu açıqlayıb. Ancaq son dövrlər hökumətin daxili borcları da sürətlə artır və hazırda məcmu dövlət borclarının ÜDM-dəki payı 35 faizə çatır”, ekspert bildirib.

Buna da bax:​ Xarici borca ehtiyac yoxdursa, niyə artıb?!

İqtisadçı onu da bildirib ki, dövlət sektorunun hökumət zəmanəti ilə almadığı borclar dövlət borcu statistikasına daxil edilmir.

“Beynəlxalq Valyuta Fondunun kriteriyası baxımından gerçəkdən də dövlət borcunun hazırkı səviyyəsi riskli nöqtəyə çatmayıb. Amma borclanmanın sürəti həddən artıq, yüksəkdir”.

Beynəlxalq Valyuta Fondunun meyarlarına görə, dövlət borcunun yolverilən maksimum həddi inkişaf etmiş ölkələrdən ötrü ÜDM-nin 60, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələrdən ötrü isə 40 faizi səviyyəsində tövsiyə olunur.

Buna da bax: Fitch reytinq agentliyi büdcə kəsiri və Beynəlxalq Bank haqqında

Xatırlatma

Xarici dövlət borcu ilə bağlı ən son rəsmi məlumat ötən ilin oktyabrın 1-də yayılmışdı. Maliyyə Nazirliyinin həmin vaxta olan məlumatına görə, xarici dövlət borcu 7 milyard 650.7 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın (MB) ötən ilin yekunu ilə bağlı Pul Siyasəti İcmalında isə qeyd edilirdi ki, Azərbaycanın xarici dövlət borcu 9 milyard dolları keçib.