Rusiya neft hasilatında dünya lideridir

Sibirdə neft buruqları.

Rusiya 2016-ci ilin martından bəri ilk dəfə neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyaraq dünya liderinə çevrilib.

«Joint Organization Data Initiative» təşkilatının açıqladığı hesabata görə, Rusiya 2016-ci ilin dekabrında əvvəlki ilin eyni dövrünə nisbətən neft hasilatını 4 faiz artıraraq gündəlik 10.49 milyon barrel neft hasil edib. Səudiyyə Ərəbistanı isə eyni dövrdə neft hasilatını 3 faiz artırıb və gündəlik 10.46 milyon barrel neft çıxarıb. Üçüncü yerdə duran, noyabrda gündəlik 8.9 milyon barrel çıxaran ABŞ dekabrda gündəlik normanı 8.8 milyon barrelə endirib.

OPEK-in fevralın 13-də açıqladığı hesabata görə, kartelin 13 üzvü yanvarda gündəlik 32.1 milyon barrel neft hasil edib. Bu, hasilatda hədəf sayılan 32.5 milyon barreldən azdır. OPEC-dəki ən böyük hasilatçı Səudiyyə Ərəbistanı yanvarda razılaşmaya ən çox xeyir verən ölkə olub. Rusiya, hələ ki, öhdəlik götürdüyü gündəlik 300 min barrel azalmanın hamısını reallaşdırmayıb. Bu ölkə, OPEC-ə görə, hasilatı yalnız 120 min barrel azaldıb.