Prezident ABŞ nümayəndə heyəti ilə görüşüb

ABŞ

Azərbaycan prezidenti İlham Əliyev fevralın 22-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Dunnigan-ın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı görüşdə qeyd edib ki, «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda təşkil olunması artıq yaxşı ənənəyə çevrilib. «Ötən dövr ərzində bir çox işlər görülüb, layihə artıq yekun mərhələyə çox yaxındır»,- deyə İ.Əliyev bildirib.

İ.Əliyev xanım R.Dunnigan-ın başçılıq etdiyi nümayəndə heyətinin bu toplantıda iştirakının əhəmiyyətini vurğulayaraq, bunu ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin göstəricisi kimi dəyərləndirib.

R.Dunnigan isə bildirib ki, ABŞ-ın yeni hökuməti «Cənub Qaz Dəhlizi» layihəsinə və Avropanın enerji təhlükəsizliyi məsələsinə açıq dəstək verir.

Xanım R.Dunnigan-ın başçılıq etdiyi nümayəndə heyəti fevralın 23-ü Bakıda keçiriləcək «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcək.

Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.