Dini icmalardan dünyaya Xocalı müraciəti

Arxiv fotosu.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Azərbaycandakı dini qurumlar fevralın 21-də Xocalı faciəsi ilə bağlı dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq qurumlara, Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

Müraciətdə qeyd edilir ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə qəfil silahlı basqın edilib, dinc, silahsız əhalinin amansız kütləvi qırğını törədilib.

Buna da bax:​ Xocalı faciəsi ilə bağlı yeni qanun layihəsi

“Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi terrora məruz qalıb, ərazilərin 20 faizi işğal olunub. Bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb”, müraciətdə yazılır.

Sənəddə vurğulanır ki, 25 il ötməsinə baxmayaraq, həmin faciənin günahkarları, hələ də cəzalandırılmayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğal edilən ərazilərin boşaldılması ilə bağlı 4 məlum qətnaməsinə əməl edilməyib.

Buna da bax:​ Xocalı faciəsi «Qarabağnamə» ilə anılacaq

“Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə, humanitar fəlakətlərə yol açılır. Dünyanın müxtəlif bölgələrində soyqırımların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır”.

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Azərbaycandakı Alban-udin xristian icmasının sədri Robert Mobili imzalayıblar.

Buna da bax:​ Cibuti Xocalı faciəsini soyqırımı kimi tanıyıb

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.