PETKİM-də Atatürk təpkisi

M.K.Atatürk

PETKİM şirkətində irihəcmli plakat lövhəsi üzərindən Türk bayrağı, Atatürk-ün və Heydər Əliyevin plakatlarının götürüldüyü bildirilir.

Bu barədə Türkiyədə HalkTV.com.tr saytı xəbər yayıb.

Xəbərdə qeyd edilir ki, irihəcmli lövhəyə Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın və Azərbaycan dövlət başçısı İlham Əliyevin plakatı yerləşdirilib. İşçilərin buna etiraz etdikləri yazılır.

Əməkdaşlardan Ahmet Oktay sayta deyib: «Atatürk-ün şəklinin olduğu lövhənin götürülməsini anlamadıq. Təmsilçilərimiz PETKİM rəhbərliyi ilə görüşüblər. Rəhbərlik «lövhə deformasiyaya uğrayıb, yenisi ilə əvəz edəcəyik» cavabı verib. Amma yeni lövhədə Atatürk yox, Heydər Əliyev yox. Narahatıq, hələ ki, durumu müşahidə edirik, Atatürk-ün yerini kimsə doldura bilməz. Bir an öncə yanlışdan dönmələrini istəyir və əvvəlki lövhələrin yerinə qoyulmasını gözləyirik. Əks halda, işçilər və əməkçilər olaraq demokratik şəkildə gücümüzü ortaya qoyacağıq».

«Petkim» Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin böyük hissəsini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.

Məsələyə, SOCAR rəsmilərindən, hələlik, şərh almaq mümkün olmayıb.