Atəşkəslə bağlı 21 fevral açıqlaması

Qarabağda erməni əsgər.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 31 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Quşçu Ayrım, Kəmərli və Qızılhacılı kəndləri, Berd rayonundan da Tovuz rayonunun Ağbulaq kəndi atəşə tutulub.

Nazirlik bildirir ki, işğal altında olan Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Məlumatda bildirilir ki, əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.