'Azadlıq'ın 6 əməkdaşı prokurorluqda dindirilib

Sizin brauzer HTML5-i dəstəkləmir

'Azadlıq'ın çapı dayanıb

Fevralın 18-dən 20-nə kimi «Azadlıq» qəzetinin 6 əməkdaşı Baş Prokurorluqda dindirilib.

Qəzetin əməkdaşları İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində müstəntiqin suallarını cavablandırıblar.

Jurnalistlərin deməsinə görə, onlara qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi məzmunlu suallar verilib.

«Azadlıq» qəzetinin əməkdaşları qəzetin kommersiya direktoru Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindiriliblər.

Ötən il avqustun 20-da saxlanan F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

Faiq Əmirli «Azadlıq» qəzetinin maliyyə direktoru olmaqla yanaşı, AXCP sədrinin köməkçisi vəzifəsini də daşıyırdı. Onun həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır.

Vəkillərinin bildirməsinə görə, F.Əmirlinin həbsindən bir müddət sonra müstəntiqlər ondan qəzetin maliyyə məsəllərini soruşublar. O isə bu məsələnin rəsmi ittiham olunduğu maddələrə aid olmadığını səbəb göstərərək, suallara cavab verməkdən imtina edib.