Cəbhəçi gəncin saxlandığı deyilir

AXCP

Dünən, fevralın 19-da axşam saatlarında AXCP üzvü Amil Məmmədzadənin saxlandığı bildirilir.

Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat yayıb.

Onun deməsinə görə, partiyanın Suraxanı rayon şöbəsinin fəalını rayonun 30-cu polis bölməsinin əməkdaşları saxlayıblar. Gənc fəalın heç bir izahat verilmədən bölməyə aparıldığı, gecəni orda saxlanıldığı bildirilir.

Bölmədən gəncin ailə üzvlərinə rəsmi heç bir informasiya verilməyib. Bu gün, fevralın 20-də A.Məmmədzadənin inzibati xəta törətməkdə günahlandırıldığı ilə bağlı məlumat yayılıb. Ancaq polisdən bu məlumatı rəsmi təsdiqləməyiblər.

Suraxanı rayon Polis İdarəsindən onlarda bu barədə məlumatın olmadığı söylənib.

Hazırda A.Məmmədzadənin Suraxanı Rayon Məhkəməsinə aparıldığı deyilir.

AXCP gəncin saxlanması ilə bağlı məlumat yayıb və baş verənləri qınayıb. Partiya hesab edir ki, baş verənlər hökumətin AXCP-yə planlı təzyiqlərinin bir hissəsidir.

Hazırda 10-dək AXCP üzvü həbsdədir. Son vaxtlarda partiyanın Şəki təşkilatının fəalları da saxlanıblar.