Valentin günü Pakistanda qadağan edilib

Mamnoon Hussain

Pakistanda məhkəmə Valentin gününü qeyd etməyi yasaqlayıb. İslamabad məhkəməsinin qərarına görə, Valentin günü münasibətilə ictimai yerlərdə bayram etmək olmaz. Mətbuat da bu günlə bağlı bir şey yaza, TV kanalları bu haqda danışa bilməz.

Məhkəmə hesab edir ki, mətbuat bu günü yerli mədəniyyətin bir parçası kimi qeyd edir.

Valentin günü Pakistanda birmənalı qarşılanmır, çoxları dini dəyərlərdən danışaraq bu günün bayram edilməsinə qarşı çıxırlar. Prezident Mamnoon Hussain keçən il xalqı bu günü qeyd etməməyə çağırıb, bayramın müsəlmanlara deyil, Qərbə aid olduğunu söyləyib. «Valentin gününün bizim mədəniyyətimizlə əlaqəsi yoxdur, belə şeylərdən qaçmaq lazımdır»,- prezident deyib.

Vəkillərdən Majid Bhatti məhkəmə qərarının bütün ölkəyə aid olduğunu vurğulayıb.