Xərcin yarısı yeməyə, içkiyə, siqaretə gedib

Supermarket

Bu ilin yanvarında pərakəndə ticarət şəbəkəsində 2.6 milyard manatlıq məhsul satılıb. Bu rəqəm əvvəlki ilin eyni ayından 1.3 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, istehlakçılara 1.3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. Bu da ötən ilin analoji dövründən 0.8 faiz çoxdur.

Həmin dövrlə müqayisədə qeyri-ərzaq məhsulları satışında isə 1.7 faiz artım var.

Yanvarda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50.4 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına gedib. 17.5 faizi toxuculuq məhsullarına, geyimlərə, ayaqqabılara, 6.3 faizi elektrik mallarına, mebellərə, 5.1 faizi avtomobil yanacağına, 1.4 faizi tibb mallarına, 0.8 faizi də kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına xərclənib.

Bundan başqa, 18.5 faiz isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265.7 manat təşkil edib. Bu da 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31.8 manat çoxdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133.9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131.8 manatlıq isə qeyri-ərzaq məhsulları alıb.