Trump Erdoğan-a zəng edib

R.T.Erdoğan və D.Trump

ABŞ prezidenti Donald Trump Türkiyə prezidenti Recep Tayyip Erdoğan-a zəng edib. O, Türkiyənin ABŞ-ın strateji tərəfdaşı və NATO-da əsas müttəfiqlərindən biri olduğunu, Türkiyəni dəstəklədiyini söyləyib.

D.Trump həmçinin, hər iki ölkənin terrorla mübarizədə ortaq öhdəlikləri haqda danışıb. Türkiyənin İŞİD-lə mübarizəyə töhfəsini alqışladığını bildirib.

Həm Ağ ev, həm də Erdoğan-ın ofisinin yaydığı məlumatda prezidentlərin ABŞ-la Türkiyənin dost və müttəfiq ölkə olduğunu vurğuladıqları deyilir.

Türkiyə İraq, İran və Suriya ilə sərhəddə yerləşdiyindən regionda mühüm rola malikdir. Ancaq Erdoğan hökumətinin ölkədə çevriliş cəhdində günahlandırdığı ilahiyyatçı Fethullah Gülen-in ABŞ-a sığınması və hələ də təhvil verilməməsi Ankaranı məyus edir.

ABŞ-ın Suriyadakı kürd yaraqlılarını silahlandırması da iki ölkə arasındakı münasibətlərə ciddi təsir edib.

Rəsmi məlumatlarda bu əsas məsələlər barədə konkret söz deyilməsə də, «CNN Türk» Erdoğan-ın Trump-ı kürd yaraqlılarına dəstəyi dayandırmağa çağırdığını, NTV isə Gülen şəbəkəsiylə mübarizədə yardım istədiyini deyib.