Müdafiə naziri ön cəbhədə

Zakir Həsənov ön cəbhədə. Foto arxiv.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov fevralın 3-də cəbhənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz mövqeləri müşahidə edib.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Nazirə ərazidəki əməliyyat şəraiti, bölmələrin hazırlıq vəziyyəti və qarşı tərəf barədə məlumatlar verildiyi söylənir.

Xəbərdə qeyd edilir ki, Z.Həsənov şəxsi heyətlə görüşərək hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə söhbət edib, ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür edib və onları mükafatlandırıb.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində həm Ermənistan və həm də Azərbaycan tərəfi itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.