Bloqqerin işgəncə şikayəti əsaslı sayılmadı

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

Bakı şəhər Prokurorluğu bloqqer Mehman Hüseynovun işgəncəyə məruz qalması barədə şikayət üzrə cinayət işi başlamaqdan imtina edib.

Bu haqda bloqqerin vəkili Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, M.Hüseynovun işgəncəyə məruz qalması iddiası Bakı şəhər Prokurorluğunun istintaq idarəsində araşdırılıb. Müstəntiq Hafiz Əliyevin gəldiyi qənaətə görə, işgəncə iddiası üzrə cinayət işinin açılmasından ötrü yetərli faktlar mövcud olmayıb.

Vəkil qərarla razı olmadıqlarını bildirib. «Bu qərar, əslində, polisdə Mehman Hüseynova işgəncə verilməsi faktlarının üstünü örtməyə xidmət edir. Qərardan məhkəmə nəzarəti qaydasında şikayət edəcəyik. Ümid edirik ki, yerli qurumlar ədalətli araşdırmanın təmin olunması üçün gərəkli addımlar atacaq. Əks halda, Avropaİnsan Hüquqları Məhkəməsinə şikayət olunacaq», - vəkil deyib.

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yaymışdı.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.