Prezident qətərli naziri qəbul edib

Mohammed bin Abdulrahman Al-Thani

Yanvarın 31-i prezident İlham Əliyev Qətər xarici işlər naziri Mohammed bin Abdulrahman Al-Thani-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki. prezident İlham Əliyev görüşdə iki ölkə arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunub. O, bu komissiyanın iqtisadi əməkdaşlıqda praktik məsələlərinin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev deyib ki, iki ölkənin siyasi əlaqələri yüksək səviyyədədir, tərəfdaşlıq münasibətlərinə söykənir. İqtisadi, ticarət, turizm və digər sahələrdə əməkdaşlığın da genişləndirilməsindən ötrü yaxşı imkanlar var. O, bu baxımdan investisiya imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib.

Mohammed bin Abdulrahman Al-Thani isə öz növbəsində iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəminə toxunub. O, iki ölkə arasında müştərək fondun yaradılmasının məqsədəuyğun olduğunu deyib

Görüşdə prezident İlham Əliyevin Qətərə gözlənilən səfəri ilə bağlı hazırlıq məsələlərindən də danışılıb.