Moldova prezidenti NATO-dan neytrallıq statusu almaq istəyir

Igor Dodon

Moldova prezidenti İgor Dodon bu ilin fevralında NATO-nun Brüssel görüşündə Moldovanın neytral ölkə kimi tanınması ilə bağlı təklif vermıək fikrindədir.

Dodon bunu Ria Novosti-yə müsahibəsində deyib.

“Kişinyovda NATO bürosu açılması ilə bağlı razılaşmanın ləğvini təkid etmək istəyirəm. NATO-nun Brüssel görüşündə Moldovanın neytral ölkə kimi tanınması ilə bağlı razılaşma təqdim eləmək fikrindəyəm”, Dodon bildirib.

Moldova ilə NATO 2016-cı ilin noyabrında Kişinyovda alyansla rabitə bürosu açılması barədə razılaşma imzalayıblar.

Sonradan bu sənədi ölkə parlamenti də təsdiqləyib.

Moldovanın yeni prezidenti İqor Dodon ölkəsinin NATO-ya yaxınlaşmasına qarşı çıxsa da sənəd onun prezidentliyindən əvvəl qüvvəyə minib.

Moldova konstitusiyasına görə ölkə neytraldır, amma 1994-cü ildən fərdi tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir və hazırda respublikada alyansın informasiya mərkəzi fəaliyyət göstərir.