Narkotik maddəyə görə cəza sərtləşdirilir

Tiryək

Azərbaycanda tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda qanunsuz kultivasiyasına görə cərimənin miqdarı artırılır, əlavə olaraq inzibati həbs cəzasının tətbiqi nəzərdə tutulur.

«Report»un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin 208-ci maddəsinə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə) və ya onların (onların hissələrinin) toplanmasına görə 200 manatdan 300 manatadək cərimə tətbiq ediləcək. İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi yetərli sayılmadıqda isə, iki ayadək inzibati həbs nəzərdə tutulur.

Bu maddədə «az miqdarda» dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin uyğun qanunla müəyyən edilmiş miqdarından aşağı miqdar başa düşülür.

Layihədə qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsiylə satış məqsədi olmadan narkotik bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə inzibati məsuliyyət müəyyən edilib. Amma bu halda həmin bitkilərin hansı miqdarda kultivasiyasının inzibati və ya cinayət məsuliyyəti yaratdığı müəyyən edilməyib. Bu da cinayət prosesini gerçəkləşdirən orqanlar tərəfindən həmin maddənin tətbiqində anlaşılmazlıq yaradır.

Layihənin Milli Məclisin fevralın 1-də plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.