Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.
Məlumatda deyilir ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndləri, Berd rayonundan da Tovuz rayonunun Ağdam və Ağbulaq kəndləri atəşə tutulub.
Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Şuraabad, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri hədəf seçilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.